0



                                   Uşaqlar ilə səyahət zamanı nə aparmalı?

Hansımız səyahəti sevmir ki? Özü də belə havalarda. Səyahət yeni yerləri kəşf etmək, üfüqünü genişləndirmək deməkdir. Bu tək sənin üçün yox, uşağının inkişafı üçün də vacib bir məqamdır. Amma bilirik uşaqla uzun yola çıxmaq bəzən yorucu ola bilir. Bu səyahətin maksimum dərəcədə ürəyincə olması və xoş xatirələr ilə yadında qalması üçün sənə işini asanlaşdıracaq siyahı hazırlamışıq. Hazırsansa başlayaq!


Avtomobil oturacağı

Unutma, təhlükəsizlik hər şeydən üstündür. Xüsusilə səyahəti avtomobil ilə edirsənsə. Körpənin təhlükəsizliyi üçün düzgün avtomobil oturacağı seçməlisən. Bu avadanlığın 2 əsas mövqeyi var: oturma və uzanma. Uşaq uzun müddət oturacaqda rahat olsun deyə oturacağın materialına və keyfiyyətinə nəzər yetir. İcazə verilən maksimum çəki, uzanma rejimi və keyfiyyət seçim edən zaman mütləq fikir verdiyin amillər olsun.


Bərkitmə yastıqları

Uşaqlarla uzun bir səfərdə hər ehtimala qarşı lazım olacağı ağlına gələn hər şeyi aparmaq daha yaxşıdır. Uzun yol səfərində kəmərə bərkidilən yastıqlar götür, uşaqlar yatan zaman bu sənə böyük köməkçi olacaq.


Uşaq masası

Kiçik bir qatlanan uşaq masası da götürməkdə fayda var. Bu zaman uşaq sənin və sürücünün diqqətini yayındırmadan rəsm çəkə, oynaya, öz işləri ilə məşğul ola biləcək, yol səyahəti bir qədər rahat keçəcək.


Orqanayzer

Səyahət zamanı həmişə bir çox vacib xırda əşyalar olur. Uşaq gah su istəyir, gah sevimli oyuncağını, gah da atışdırmağa çərəz. Hər şeyi əlçatan etmək üçün saxlama yerləri təşkil et. Oturacaqda, baqajda və ya avtomobilin qapısında olan orqanayzer bu missiyada ideal seçimdir. Oyuncaqlar ayrı, yeməklər ayrı, salfetlər və xırda əşyalar ayrı. İndi hər şey öz yerində olacaq!


Kitab

Uşağının sevimli kitabı varmı? Əgər cavab “hə”-dirsə, uşağı istənilən vəziyyətdə sakitləşdirəcək, şəkilləri ilə bir müddət başını qatacaq bu kitabı yanında apar. Uşağının sevimli kitabından əlavə, əyləncəli və onun hələ görmədiyi tamamilə yeni bir kitab da götür. Nə qədər çox müxtəliflik olsa, körpə üçün təəssüratlar o qədər uzun sürəcək.


Günəş kremi və maşın üçün pərdə

Uşağını günəş şüalarından qorumağın da şərtdir. Bunun üçün çölə çıxmazdan əvvəl günəş kremi lazımdır. Bundan əlavə günəşin uşağın gözlərinə düşməməsi, onu qıcıqlandırmaması və səyahətinə mane olmaması üçün günəş pərdəsi as.


Oyuncaqlar

Oyuncaqlar mütləqdir! Uşaq yol boyu nə qədər fəaliyyətdədirsə, sürücü də bir o qədər rahatdır. Təbii ki, hər yaşın öz hobbisi var. Onun üçün sevdiyi, vaxt keçirəndə əyləndiyi oyuncaqları götür.


Gigiyena məhsulları

Rahatlığın üçün bir neçə bağlama quru və yaş salfeti əl altında qoy. Kiçik bir çantaya bunlardan əlavə pambıq disklər, uşaq bezi, ehtiyac duya biləcəyin dərmanlar və antiseptik də əlavə et. Bu materiallar səyahətdə həyatı çox asanlaşdırır və təmizlik hissini saxlamağa kömək edir.


Və budur, dediklərimizə əməl etsən, yorucu olmayan bir tətil səni gözləyir. Xoş istirahətlər!