0


                                   Təkrar emal ideyaları ilə evini yenidən dizayn et

Yəqin ki, sən də təkrar emal ifadəsini eşitmisən. Bu son vaxtlar tez-tez danışılan və dünyanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən mövzudur. Kağız, karton, şüşə, plastik, metal və s. materiallardan ibarət istifadə müddəti bitmiş əşyalara yenidən həyat verərək yararlı vəziyyətə gətirilməsinə təkrar emal deyilir. Bu həm təbiəti qoruyur, həm də iqtisadiyyata töhfə verir.

Dövlətlər və şirkətlər təkrar emal haqqında ideyalarını inkişaf etdirir və müxtəlif tədqiqatlar aparır. Dünyanı daha təmiz və yaşana bilən hala gətirmək, iqlim dəyişikliyi, qlobal istiləşmə kimi problemlərə həll yolları tapmaq üçün təkrar emalın seçimdən çox zərurətə çevrildiyini deyə bilərik.

Təkrar emal səni təmin edəcək:

- Təbii ehtiyatların azalmasının qarşısını böyük ölçüdə almaqla;

- Ciddi enerji qənaəti ilə;

- Resurslardan daha qənaətlə istifadə ilə;

- Ətraf mühitdə insan sağlamlığını təhdid edən təsirlərin azalması ilə.

Bu nöqtədə sən də bu prosesə qoşula və bunu əyləncəli hala çevirə bilərsən. Bloqumuzda sənə təkrar emal ilə əşyalar hazırlayıb evini yenidən dizayn etməyinə köməkçi olacağıq.


Plastik butulkaları yeni ev əşyası kimi düşün


Demək olar ki, parçalanmayan və təbiətlə qarışdıqda ətraf mühitə ciddi ziyan vuran maddələrdən biri də plastikdir. Onların təkar emalı çox vacibdir. Heç düşünmüsən? Tez-tez istifadə etdiyin və içindəki məhsul bitdikdən sonra zibil qutusuna atdığın plastik butulkaları evində müxtəlif aksesuarlara çevirmək mümkündür. Təsəvvürünü işə salıb bu şüşələri sevimli dovşanlara çevirə və çiçək qabı kimi istifadə edə bilərsən. Bundan əlavə, şüşələrin başlıq hissələri və altlığını kəsib diş fırçası üçün qab şəklinə də sala bilərsən. Yay fəslində isə şlanqın başına üzərində deşiklər açdığın plastik şüşəni taxmaq bağçanı sulamaq üçün sürətli üsul olacaq.


İstifadə etmədiyin şüşələri dekorasiyaya çevir


Şüşə materialdan hazırlanan su və yağ şüşələrini zibil qutusuna atma, onlara xoş toxunuşlar edib evə gözəllik imzanı at. Plastik butulkalar kimi, şüşələrdən də tamamilə yeni bir bəzək əşyası yarada bilərsən. Şüşə butulkaları müxtəlif rənglərə boyayaraq aksesuarlar hazırla, şam və ya led işıqlar əlavə edib şık bir ev əşyası et. Led işıqlarla onu komodinin üzərinə yerləşdir və kitab oxuyarkən işıqdan yararlan. Artıq istifadə etmədiyin bankaları atmağı düşünmə belə! Onlara qəşəng şamlar qoyub qapağını bağla, bağçada bir küncdən asıb ətrafı işıqlandır və gözoxşayan atmosfer yarat.


Köhnə əşya, yeni oyuncaq!


Bilirik, evində köhnəlmiş və artıq istifadə etməyəcəyin bir çox əşya var. Bu corab da ola bilər, ya da bitmiş bir şampunun qabı. Məsələn, sevimli corabın artıq istifadəyə yararsızdır. Onu atmaq əvəzinə, uşağın üçün unikal oyuncaq halına sal. Əl qabiliyyətin varsa və tikişdə yaxşısansa, corabları pambıqla doldurub onlara istədiyin formanı vermək kifayətdir. Bu sadə və təbii oyuncaq uşağını düşündüyündən daha çox xoşbəxt edə bilər. Rəngli şampun qutularını isə qayçı ilə kəs, üzərinə göz, ağız kimi formalar yapışdırıb divardan asılan əyləncəli qələm tutacaqlarına çevir. Elektrik mənbəyinin yanında masa yoxdursa və telefonu qoymaq üçün yerə ehtiyac varsa, şampun və ya krem qutularını kəsib şəkildəki kimi istifadə edə bilərsən.


Təbiəti qorumağa evindən başla!

Beləliklə evində istifadəyə yararsız əşyalara yeni həyat verdik. Lakin təbiətə olan sevgini göstərmək üçün bununla kifayətlənmə. Bu yolda nələr edə biləcəyinə birlikdə nəzər yetirək:

- Yeni butulkalar istifadə etmək yerinə su daşımaq üçün uzun müddət istifadə edə biləcəyin termos daşı;

- Evindəki zibilləri atmazdan qabaq kateqoriyalarına görə ayır. Kağız, şüşə və plastikləri fərqli qutularda toplamağa diqqət yetir;

- Alış-veriş etdiyin zaman ərzaqlar üçün yeni plastik paket əvəzinə özünlə daşıdığın torbalardan istifadə et.


Və budur! Artıq təbiəti qorumaq üçün evində görməli olduğun tədbirlər və yenidən emal prosesi ilə tanışsan. Sənin bu addımları izləyib özündən geriyə təmiz izlər qoyacağından əminik. Ətraf mühitə dost yanaşmamızda bizə vaxtını ayırdığın üçün təşəkkürlər!