0


                                     Sarının müsbət enerjisini çağır: evdə limon ağacı böyüt!

Hər gün inkişafını, gözəlliyini, böyüməsini izlə, xoş tropik qoxusu, əlvan sarı rəngi ilə evinə rəng gəlsin. Bəli, bəli, cənub diyarlarının sevilən meyvəsi limondan danışırıq.

Limon rəngi, qoxusu və dadı ilə limonaddan spirtə hər sahədə geniş istifadə olunan, antioksidantlarla zəngin tropik meyvədir.

Həzmə köməkçi, immunitet gücləndirən tərəfləri ilə yanaşı dəriyə faydası, infeksiyalarla mübarizədə qalxan rolunu oynaması onu çox dəyərli edir.


Evdə öz limon ağacını böyütməyə hazırsan?

Cavabın müsbətdirsə, bloqumuzun ardını oxumağa başla.


Addımların sayı gözünü qorxutmasın, onları izlə və möhtəşəm nəticəni gözlə.

1. Limonu bıçaqla 4 bərabər hissəyə böl;

2. İçindəki dənələri tək-tək ayır, bıçaqla zədələnənləri kənara qoy;

3. Bütöv formada olan dənələrin üstündəki nazik pərdəni təmizlə;

4. Kağız dəsmalın üzərinə su püskürdüb yaxşıca islat;

5. İslanmış kağız dəsmalın üzərinə dənələri müəyyən məsafələrlə yerləşdir;

6. Kağız dəsmalı qatla və üzərinə yenidən su püskürt;

7. İçində dənələr olan nəm kağız dəsmalı sellofana qoy və sıx bağla. Ən az 10 gün qaranlıq yerdə saxla.

8. 10 gün sonra kağız dəsmalı sellofandan çıxar. Dənələrin cücərməyə başladığını görəcəksən;

9. Hələlik dibçəyi yarım litrlik plastik su qabı ilə əvəzlə. Qaba bir az torpaq əlavə et, ardınca cücərən dənələri yarıya bölüb plastik qaba 2-2 yerləşdir. Torpağı əlavə etmədən əvvəl nəfəs alması üçün deşiklər açmağı unutma;

10. Yalnız cücərən dənələri torpağa basdır. Torpağa yenidən su püskürt.


Nəticəni nə zaman görəcəm?

4 həftə sonra bitkinin təxminən 10 sm uzunluğunda olacaq. Bu vaxt limonu plastik qabdan dibçəyə keçirə bilərsən.


Bitkiyə necə baxmalıyam?

Dibçəkdə limon böyütmək böyük diqqət istəyir. Bu səbəblə, ilk nəticəni görəndən sonra bitkini diqqətdən kənar saxlama. Hər gün ehtiyacı olan su və günəşi almasına şərait yarat, bitkinin yerini dəyişdirmə. Torpağının həmişə nəmli olmasına da diqqət et.


Limon ağacım meyvə verəcək?

Bitkinin meyvə verməsi üçün ən az 2 dibçəkdə limon böyütməyə çalış. Çünki bitkinin bar verməsi üçün yaxınlıqda başqa bir limon ağacı olmalıdır. Başqa bir üsulla isə dərman istifadəsini seçə bilərsən.


Niyə evdə limon ağacı böyüdüm?

Hər gün xoş qoxusu ilə əhvalı yüksəldir, bitkiyə qulluq stresi azaldır, konsentrasiyanı artırır, mənəvi zövq verir və meyvəsindən faydalana bilirsən. Bir ağacla bu qədər gözəllik səni tapır.

Bu gün kəsdiyin limon dənələri atma, öz limon ağacını yetişdirməyə başla!