0


                                    Yayda dəriyə və saça necə qulluq etməli?

Hal-hazırda dincəlmək üçün ən əlverişli, ancaq dəri və saç üçün bir o qədər çətin olan yay fəslindəyik. Bəs dərin və saçın yaya hazırdır? İndi aydınlaşdırarıq!

Gün ərzində məruz qaldığın həddən artıq isti, rütubət və günəş şüası saçına və dərinə ciddi zərər vurur. Səpkilər, günəş yanıqları və sızanaqlar isə bunun bariz nümunəsidir.

Yaxın əyləş, verəcəyimiz bu məsləhətlər sənə xeyli kömək edəcək.


Yayda dəriyə qulluq məhsulları

Gün keçdikcə temperatur yüksəlir, qızmar günəş isə dəriyə zərər verir. İstilik dərini susuzlaşdırır, tər və makiyaj isə onun hava almasını daha da çətinləşdirir. Əgər günəşin altında əylənməyi sevirsənsə, dərinə ehtiyac duyduğu sevgi və qayğını vermək üçün atmalı olduğun bir neçə addım var.


Günəş kremi növləri

Günəşdən qoruyan kremlər ən vacib məhsullarından biridir. O, dərini zərərli UV şüalarından, yaranan ləkələrdən qoruyur, qırışlar və piqmentasiya kimi erkən qocalma əlamətlərinə meydan oxuyur.

Unutma, günəş kremi dəri xərçəngi riskini azaltmağa da kömək edir. Təkcə yayda deyil, ilin hər fəslində minimum SPF 30 olan günəş kremi istifadə etməlisən.


Üz gelləri

Yay baxım rutinində üz üçün təmizləyici gellər də vacib rol oynayır. Dəridəki kir, yağ və ölü tərini təmizləyir, təravət və təmizlik hissi yaradır.


Nəmləndirici

Qışdan fərqli olaraq yay aylarında yapışqan və yağlı hiss etdirə biləcəyi üçün ağır tərkibli nəmləndiricilərdən istifadə etmə. Gel və ya su əsaslı, hətta tərkibində SPF olan yüngül nəmləndiricilərə üstünlük ver.


Eynək istifadəsi

Yayda gəzintiyə çıxanda geniş ağızlı papaq və eynək istifadə et. Paltar seçimində günəşi az keçirən, lakin havadar və sərin geyimlərə üstünlük ver. Çox isti suda uzun müddət duş almaq dərinin qurumasına və yay ekzemasına səbəb ola bilər. Buna görə gündə maksimum 4-5 dəqiqəlik duş kifayətdir.


Saça qulluq üçün addımlar

Günəş şüaları dərin qədər saçını da zədələyir. Saçların 15%-i sudan ibarətdir. İsti günlərdə isə bu su buxarlanır. Buna görə də yayda onları günəşdən, dəniz suyundan və isti küləkdən qorumalısan.

Yay mövsümü saçına təzə nəfəs gətirmək üçün idealdır. Bu fəsildə saçlar daha sürətli uzanır, sənə düşən öhdəlik isə onları maksimum şəkildə günəşdən qorumaqdır. Həm zədələnmiş saç uclarından qurtul, həm yeni stil qazan.


Hovuz problemi

Xlorlu su olan hovuzda çimməzdən əvvəl saçını içməli su ilə və ya duş altında yu. Bu, xlorun saç dibinə düşməyinə mane olur.

Dənizdə çiməndən sonra saçın qurumasın deyə balzamı çox olan şampundan istifadə et. Həftədə bir dəfə qidalandırıcı maska etməklə də onların yumşaqlığını və təbii parlaqlığını qoruya bilərsən.


Yatmazdan əvvəl

Saçını yatmazdan əvvəl yuyub topuz, hörük və ya at quyruğu halına gətir. Yuxudan oyanan zaman saçların həm daha parlaq, həm də gözəl dalğalı formada olacaq.

Artıq yay aylarında dəriyə və saça necə qulluq etməli olduğunu bilirsən. Ancaq unutma ki, təkcə yayda deyil, ilboyu onlara qulluq etməlisən.


Son tövsiyəmiz isə odur ki, mümkün olduğu qədər çox su iç və ehtiyac hiss edəndə lazımi vitaminləri qəbul et.