0


                                   Payızda təbii üsullarla immuniteti gücləndir

İsti yay günlərinin ardından payız gəldi... Hava bəzən isti, bəzən soyuq və ya küləkli olur. Bu elə bir fəsildir ki, orqanizmini sağlam şəkildə qışa da hazırlamalısan. Temperaturun tez-tez dəyişdiyi bu vaxtlarda immuniteti gücləndirmək vacibdir. Çünki güclü immuniteti olan orqanizm viruslara qarşı daha yaxşı mübarizə apara bilir. Həmişə sağlam və gümrah qalmaq istəyənlər, soyuq aylara doğru getdiyimiz bu fəsildə xəstəliklərdən qoruyan təbii üsullarımız var.

İlk öncə immunitetin nə olduğu və həyatında nə kimi rol oynadığı barədə danışaq. İmmunitet orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz hadisələrdən qoruyan ordudur. Bu sistem insan bədənində iki vacib prosesə cavabdehdir: Orqanizmin infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qorunması və öz işini başa vuran və ya zədələnən, həmçinin qocalmış hüceyrələrin yenilənmə, əvəzetmə işinə. Düzgün qidalanmama, stres, mənfi emosiyalar, az hərəkətlilik, təmiz havada az olmaq, yuxusuzluq və s. immunitetin zəifləməyinə səbəb ola bilər. Bəs bu çatışmazlığı necə aradan qaldırmaq və immuniteti gücləndirmək olar?

İmmuniteti gücləndirmək üçün bilmədiyin dərmanları istifadə etməyə gərək yoxdur. Bu dərmanların müəyyən müsbət nəticələri ilə birgə əlavə təsirləri də olur. Qrip və ya ağır infeksiyalarda sözsüz bu preparatlar sənə köməkçi ola bilər, ancaq özünü payıza hazırlamağın üçün təbii yolları da sına. Bu yolda önəmli addımlardan biri qidalanmadır. Protein qaynağı hesab olunan balıq tərkibindəki vitaminlərlə immuniteti gücləndirir. Həftədə iki dəfə, qızartma kimi deyil sobada bişirilən balıq yemək tövsiyə olunur. Gündəlik bir ovucu keçmədən qoz, fındıq və badam qəbul etmək həm immunitetə, həm də ürəyə xeyirlidir. Əsas qidalarından biri də alma olsun. Gündə bir alma qanda insulinin və xolesterini normada saxlamaq və immunitet üçün vacibdir. Soyuq ayların əsas qoruyucuları soğan və sarımsağı da unutmayaq. A, C vitaminləri, dəmirlə, minerallarla zənginliyi sayəsində sənin üçün xəstəliklərə qarşı qoruyucu qalxan olacaq.

Nələr qəbul edəcəyini artıq bilirsən, keçək nələrdən uzaq olmalısan. İmmunitetini zəiflədəcək qida və sulardan istifadəni azaltmalısan. Şəkərli qazlı içkilər, soyuq sular, çipsi və hazır qidaların sənə faydası olmadığı kimi tərkibindəki qatqılar immunitetə birbaşa mənfi təsir edir. Ət yeməklərini tez-tez və çox yemək də zərərlidir.


Gün ərzində bol maye qəbul edilməsi də orqanizm üçün xeyirlidir. Bu zaman sənə yardımçı olacaq dadlı çay reseptimiz var. Hazırlanması çox asan, dadlı və faydalı zəncəfil çayı üçün sənə lazımdır:

Su - 0.5 lt;

Təzə zəncəfil;

Hil dənəsi - 5 ədəd;

Limon qabığı;

Bal - 1 qaşıq.

Zəncəfili sürtgəcdən keçir, yaxud da bıçaqla çox xırda doğra. Hil və limon qabığı əlavə edib dəm çaynikinə qoy. Üzərinə 500 ml qaynar su tök və dəmlə. Üstünü örtüb 5 dəqiqə saxla. İstəyə görə sarıkök də əlavə edə bilərsən. Dəyişkən havalarda köməyinə çatacaq bu ləzzətli çayı fincana süzüb bal ilə servis et. Nuş olsun!

Payız təbiəti kəşf etmək üçün ideal fəsildir. Sevdiklərin ilə birgə bu mövsümün dadını çıxarmaq üçün özünü xəstəliklərdən yaxşıca qorumalı oluğunu unutma. Qalın geyim, balanslaşdırılmış qida və düzgün yuxu sistemi ilə payızdan zövq alaraq immuniteti gücləndir, özünü sev və sağlamlığının qayğısına qal.