0


                                   Bayram süfrəsinə yaraşan yemək reseptləri

Yeni ilə sayılı günlər qalıb, xoş bir təlaş içində olduğunu bilirik. Bəlkə də bu bayram böyük qonaqlığa ev sahibi olmaq üçün sənin növbəndir. Bunun üçün Yeni il süfrəsini ziyafətə çevirəcək reseptlər axtarışındasan? Ləzzəti damaqda qalan və hamı tərəfindən tərif alan Yeni il təamları hazırlayıb sevdiklərinlə gözəl bir axşam keçirmək istəyirsən? Doğru yerdəsən, sənin üçün möhtəşəm yeməklər seçmişik. Ərzaqları hazırla və başlayaq.


İçi düyü və şabalıdlı sobada toyuq


Bayram süfrələrinin əvəzolunmaz ləzzətinə öz imzamızı ataq dedik. Sobada toyuğu demək olar hər kəs sevir, bu dəfə onu düyü və şabalıdla dadlandırmağa nə deyirsən? Bunun üçün sənə lazımdır:

5 kq toyuq;

1 soğan;

1 kök;

1 kərəviz;

2 dəfnə yarpağı;

8 diş sarımsaq;

2 yemək qaşığı kərə yağı.


Sous üçün:

2 yemək qaşığı soya sousu;

2 yemək qaşığı zeytun yağı;

Yarım çay stəkanı bal;

3 yemək qaşığı bibər pastası;

Təzə kəklikotu;

4 diş sarımsaq.


Plov üçün:

500 qram düyü;

2 soğan;

70 qram qoz;

120 qram kərə yağı;

1 yemək qaşığı darçın;

1 yemək qaşığı şəkər tozu;

Duz;

Qara istiot.


Böyük bir qazanda bol su ilə toyuq, doğranmış soğan, kök, kərəviz və dəfnə yarpağını 2 saat parçalanmadan qaynat. Toyuğu boşqaba, suyunu isə kənara qoy. Bir qabda sous üçün inqrediyentləri qarışdır. Sousu qaynadılmış toyuğun üzərinə və içinə yay. Əzilmiş sarımsaq və kərə yağını toyuğun dərisinə yax. Plov üçün düyünü ilıq suda 30 dəqiqə isladıb yu. Doğranmış soğanı qozla qovur. Soğanın rəngi dəyişməyə başlayanda düyü əlavə et. 7-8 dəqiqə qovurduqdan sonra ədviyyatları əlavə et. Toyuğu qaynatdığın su ilə aşağı istilikdə 10 dəqiqə bişir. Daha sonra dəmlənməsini gözlə. Sobada şabalıdları bişirib plova əlavə et və toyuğun içinə doldur. 190 dərəcədə isidilmiş sobada üzərini örtüb 3 saat bişir. Sobadan götürdükdən sonra servis üçün 15-20 dəqiqə gözlə. İndidən nuş olsun!


Sobada quzu budu


Ağızda əriyən, ətə doyduran bir ləzzətə hazırsan? Yanında nə servis etsən yaraşan bu yemək üçün lazım olan ərzaqlar:

2 ədəd quzu budu;

5 yemək qaşığı zeytun yağı;

1 yemək qaşığı kərə yağı;

100 qram hövsan soğanı;

4 diş sarımsaq;

2 kartof;

2 kök;

1 kərəviz sapı;

4 stəkan qaynar su;

1 dəfnə yarpağı;

Duz;

İstiot.

Soyulmuş kartofu yarıya, kök və kərəviz sapını böyük hissələrə böl. Zeytun yağını dərin qazana tök, qızandan sonra quzu ətlərini diqqətlə tavaya qoy. İki tərəfini də azı 3 dəqiqə möhürlə. Daha sonra ətlərə soğan və sarımsağı əlavə et. Doğranmış kartof, kök və kərəviz sapları ilə şirəsi çıxana qədər bişir. Qızardılmış ət və tərəvəzləri qaba yerləşdirib sobaya qoy. Qaynar suyu üzərinə tök. Bulyona ləzzət vermək üçün dəfnə yarpağı, ədviyyatlar və yağ əlavə et. Yeməyin üzərinə yağlı kağız qoy. 190 dərəcədə isidilmiş sobada 60 dəqiqə bişir. Hazır olandan sonra quzu ətini tərəvəzlər və yeməyin öz şirəsi ilə servis et. Sevdiklərinlə paylaşmağa hazırdır.


Beşamel sousu ilə bişmiş gül kələm


Belə ləzzətli təamlar arasında vegetarianlar üçün də seçim olmalıdır deyə düşündük. Gül kələmi bayrama yaraşan ləzzət halına gətirmək üçün beşamel sousu ilə dadlandırmaq qərarına gəldik. Bu ərzaqları al və yeməyi hazırlamağa başla:


Orta ölçülü gül kələm;

5 stəkan qaynar su;

2 yemək qaşığı kərə yağı;

2 yemək qaşığı un;

2 stəkan soyuq süd;

1,5 çay qaşığı duz;

1/4 çay qaşığı rəndələnmiş muskat qozu;

1 stəkan rəndələnmiş çeddar pendiri.

Gül kələmin kök hissəsini kəsib xırda-xırda hissələrə ayır, bol suda yu və qazana boşalt. 10 dəqiqə qaynat, daha sonra qaynadılmış gül kələmi soyuq suda saxla və süz. Beşamel sousu üçün bir qabda kərə yağını əridib un əlavə et və 2-3 dəqiqə qovur. Soyuq südü az-az əlavə edib çırpan qaşıq ilə topaqlar qalmayacaq şəkildə qarışdır. Duz və rəndələnmiş muskat qozunu əlavə et, sous qatılaşanda hazırdır. Sobaya yerləşdirəcəyin gül kələmləri dərin qaba yerləşdir, üstünə beşamel sousunu tök və rəndələnmiş çeddar pendirini əlavə et. 180 dərəcədə isidilmiş sobada 25 dəqiqə bişir. İsti-isti servis et ki, hamı ləzzətinə heyran qalsın.


Yeni il süfrəndə Vestel köməyinə çatacaq!


Yeni il təlaşında ən gözəl süfrəni qurmaq vaxt alacaq, bilirik. Bu anda köməyinə Vestel sobası çatacaq. Ləzzətli təamları eyni anda 4 yemək bişirə bilən bu sobaya əmanət et, hətta boş qalan gözündə sevimli şirniyyatını da edə bilərsən! Vestel sobaları ilə tanış olmaq üçün linkə keçid et:https://vestel.az/qurasdirilan/qurashdirilan-sobalar